“Son zəng” çalındı

Bu gün Binəqədi rayonu Namiq Babayev adına 144 №-li tam orta məktəbdə "Son zəng" tədbiri keçirilmişdir. 144 № -li tam orta məktəbdə keçirilən bu təntənəli tədbir məzunlar, valideynlərin sonsuz maraq və rəğbətinə səbəb oldu. Tədbir musiqi sədaları altında Azərbaycanın Dövlət Bayrağının gətirilməsi, məktəbin direktoru H.Mahmudovanın təntənəli surətdə tədbiri açıq elan etməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru H.Mahmudova öz çıxışında məzunlara öz səmimi arzu və istəklərini bildirdi və bütün məktəb kollektivini, qonaqları və valideynləri təbrik etdi. Qonaqlar arasında məktəbdə vaxtilə çalışan hal-hazırda təqaüdə çıxmış müəllimlər, məktəbin ilk məzunları və rayonun tanınmış simaları iştirak edirdilər. Binəqədi rayonu üzrə icra nümayəndəsi Ləman Əliyeva Binəqədi rayon İcra Başçısının təbrikini tədbir iştirakçılarına və məktəbin müəllim kollektivinə çatdıraraq cəmiyyətimizin gələcək qurucularına uğurlar arzuladı. İlk sinif müəllimlərinin və körpə fidanların da çıxışı yaddaqalan oldu. Valideynlər çıxış edərək məktəb kollektivinə minnətdarlıqlarını bildirdilər, övladlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədilər. Məzunlarımızın rəngarəng şeirləri və şən mahnıları tədbirə xüsusi gözəllik verdi. Musiqi sədaları altında məzunlar həvəslə rəqs etdilər. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi son zəngin sədaları eşidildi. Məzunlar məktəblə və müəllimləri ilə son dərs günü xatirə rəsmləri çəkdirdilər. Bu xatirə nəinki onların rəsmlərində, hətta o saf və təmiz şagird qəlblərinin dərinliklərində hələ uzun müddət qalacaqdır. İnanırıq ki, məktəb kollektivinin və valideynlərin məzunlarımıza çəkdikləri zəhmət hədər getməyəcək və onlar həyatda özlərinə düzgün mövqe seçərək vətənə layiqli vətəndaş olacaqlar. Hər bir məzuna yenicə qədəm qoyduqları müstəqil həyatlarında uğurlar diləyirik.