Şagirdlərimiz “Qala” Dövlət tarix- etnoqrafiya qoruğunda

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.7-ci bəndinə müvafiq olaraq mütəmadi olaraq tədrisin keyfiyyətinə müsbət təsir edən ekskursiyaların,gəzintilərin təşkili həyata keçirilir. Eyni zamanda burada məqsəd şagirdlərin motivasiyasının yüksəldilməsi, dünyagörüşünün inkişafı, doğma diyarın tarixi ilə daha yaxından tanış olmalarıdır. Beləliklə, 144 saylı tam orta məktəbin şagirdləri 20.05.2017-ci il tarixdə “Qala” Dövlət tarix- etnoqrafiya qoruğunda ekskursiyada oldular. Məlumat üçün qeyd edək ki, Qala kəndi Abşeronun ən qədim yaşayış məskənlərindən biridir. Təxminən beş min il yaşı olan bu kənddə canlı tarix mühiti şəraitində qədim memarlıq və arxeoloji abidələr, o cümlədən yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər, hamamlar və digər maddi mədəniyyət nümunələri kompleks şəklində qorunub saxlanılır. 1988-ci ildən kəndin tarixi hissəsi dövlət tarix-etnoqrafiya qoruğu elan edilmişdir. Şagirdlərin ekskursiya zamanı Muzey Kompleksində Azərbaycan xalqının mədəniyyətinin və məişətinin əsrlər boyu necə inkişaf etdiyini bir məkanda canlı izləmək imkanı əldə etdilər. Burada onlar açıq səma altında təşkil olunmuş muzeyin ərazisini gəzərək müxtəlif eksponatlarla yaxından tanış oldular, sanki keçmişə səyahət etdilər.