5b sinfi ilə Qobustana ekskursiya

Məktəbin 2016/2017-ci tədris ilinin fəaliyyət planının 1.3.7-ci bəndinə əsasən, mütəmadi olaraq tədrisin keyfiyyətinə müsbət təsir edən ekskursiyaların, gəzintilərin təşkili həyata keçirilir. 13.05.2017-ci il tarixdə müəllim Vəfa Səlimovanın rəhbərliyi ilə məktəbin 5b sinfi Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km. aralıda yerləşən Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya etdilər. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin əsasən Mezolit (orta daş dövrü) abidələri sərgiləndiyi qoruq və orada fəaliyyət göstərən muzeylə əyani tanışlıq idi.Şagirdlər burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbirləri ilə tanış oldular. Motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən belə ekskursiyaların həyata keçirilməsi onların elmi biliklərə daha yaxşı yiyələnmələrinə və dünyagörüşlərinin inkişafına müsbət təsir edir.