“Gəlin birgə oxuyaq!”

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə 29.04.2017-ci il tarixdə “Oxu Günü” tədbiri keçirildi. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq idi.“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olunmuşdu. Paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseylərinin şagirdlərinin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparıldı, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar oldu. “Oxu Günü”ndə həmçinin məktəbimizin şagirdləri M.Füzulinin “Söhbətül-Əsmar” alleqorik əsərindən bir parçanı səhnələşdirərək təqdim etdilər. Müxtəlif meyvələri əks etdirən rəngarəng geyimlərlə çıxış edən şagirdlər öz ifaları ilə bağ meyvələrinin simasında bir-birini bəyənməyən, özündənrazı insanları tənqid etdilər, mala, pula, geyimə güvənmənin səhv düşüncə olduğunu bir daha tamaşaçılara nümayiş etdirdilər. Sonra məktəbin şagirdləri tədbir çərçivəsində təşkil edilən bədii-elmi kitabların sərgisində həm güzəştli şərtlərlə satılan, həm də ödənişsiz paylanılan kitablar əldə etdilər.Beləliklə, məktəbimizin müəllim-şagird-valideyn heyəti tədbirdə iştirak edərək kitab həmrəyliyini qeyd etdilər.