“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi çərçivəsində müsabiqə

27 aprel 2017-ci il tarixdə Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi çərçivəsində “I Ən yaxşı Scratch hekayəsi” adlı müsabiqə təşkil edilmişdir. Müsabiqə şagirdlər tərəfindən seçilmiş mövzu üzrə "Scratch" proqramlaşdırma dilində praktiki proqram yazmaq (kod hazırlamaq) formasında həyata keçirildi. "Fərqlənmək yox, birgə uğur qazanmaq!" devizi ilə keçirilən müsabiqədə 2 yaş qrupu üzrə şagirdlər (II-IV, V-VII siniflərdə oxuyan şagirdlər) iştirak edib. Proqramın kodunun oxunaqlı və başa düşülən olması, uyğun səhnənin seçilməsi, audio fayllardan istifadə, hərəkət istiqamətinin təyin edilməsi, spraytların səhnəyə görə ölçüsünün seçilməsi kimi meyarlar əsasında qiymətləndirmə aparılması nəzərdə tutulan müsabiqədə məktəbin şagirdləri uğurla iştirak etdilər.Müsabiqədə iştirak edən hər bir iştirakçının sertifikatla təltif olunması və hər yaş qrupu üzrə ən yaxşı 3 işin mükafatlandırılması nəzərdə tutulmuşdur.