"Məktəb icmaları" layihəsi çərçivəsində görüş

2015-ci ilin yanvar ayından “Məktəb İcma Qurumları” layihəsinə start verilib. İcmanın fəaliyyətinin əsas məqsədi ümumtəhsil müəssisəsinin işində iştirak etməklə və bu prosesə fəal valideynləri, şagirdləri,müəllimləri cəlb etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə kömək etməkdir. Qeyd olunan layihə çərçivəsində spesifikası nümunəvi olan müəllim və şagird sayları nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 33 məktəbdə pilot olaraq layihə həyata keçirilmişdir. 2015-ci ilin noyabr ayında yaradılmış kommunikasiya platforması СOMMUNITY.AZ portalında mütəmadi olaraq müxtəlif istiqamətli müsabiqələr həyata keçirilir. “Məktəb İcma Qurumları”nın təşkili layihəsinin önəmini və məktəblərdən gələn istəkləri nəzərə alaraq 2016-cı ilin yanvar - fevral ayında layihəyəyə qoşulmaq istəyini bildirən 88 məktəb arasından 50 məktəb müxtəlif meyarlar əsasında seçilmiş və layihəyə cəlb olunmuşdur. 26.04.2017-ci il tarixdə Binəqədi rayonu üzrə "Məktəb icmaları" layihəsi çərçivəsində görüş keçirilib. Görüş zamanı “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir. Görüşdə “Məktəb icmaları” layihəsinə qoşulmuş məktəblərin təcrübəsindən və icma qurumlarının fəaliyyətinin müsbət nəticələrindən də bəhs edilib. Tədbirdə “Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun daha səmərəli təşkili və valideynlərlə əməkdaşlığın genişləndirilməsi haqqında tövsiyələr verilib.