Şagirdlər Danışıq Klubunda

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində 26 aprel 2017-ci il tarixdə məktəbdə yaradılmış Danışıq klubunda şagirdlərin növbəti toplantısı təşkil edildi.Layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. Danışıq klubunda şagirdlər həftənin III günləri həvəslə iştirak edirlər. Bu dəfə danışıq klubu “Avroviziya yarışması” mövzusunda təşkil edildi. Klubun bugünkü iştirakçıları 7-ci və 8-ci sinif şagirdləri idi. Kluba ingilis dili müəllimi Vüsalə Əsgərova rəhbərlik edirdi. Şagirdlər əvvəlcə "SAVE THE ENVIRONMENT" mövzusunda filmlərə baxdılar. Filmə baxdıqca orada nümayiş etdirilənləri yadda saxlayır, sonra isə birlikdə ingilis dilində müzakirə etməyə çalışırdılar. İngilis dili müəllimi Vüsalə Əsgərova “Ətraf mühit” mövzusu ilə bağlı əlavə yeni sözlər və ifadələri şagirdlərə təqdim etdi. Onlar isə verilmiş söz və ifadələrdən istifadə etməklə ətraf mühiti nəcə qoruyacaqları, təmiz saxlayacaqları haqqında fikirlərini səsləndirir, bir-birilə mövzu ətrafında ingilis dilində dialoq qururdular. İnanırıq ki, şagirdlərin danışıq klubunda iştirakı onların ingilis dilində anlama və fikrini ifadə etmə bacarıqlarının inkişafına müsbət təsir göstərəcəkdir.