Doğma diyarın təbiət abidələri - eko aylıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə dəyirmi masa, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.21.04.2017-ci il tarixdə məktəbdə "Doğma diyarın təbiət abidələri" adlı dəyirmi masa təşkil edildi. Tədbirin təşkil edilməsində məqsəd şagirdlərin Azərbaycanın 11 iqlimdən 9 iqlim tipinin yerləşdiyi Azərbaycanımızın müxtəlif təbiətə malik coğrafi yerləri, onlara məxsus flora və faunası haqqında məlumat mübadiləsi idi. 9 iqlim tipinin yerləşdiyi Azərbaycan dünyanın zəngin biomüxtəlifliyə malik ölkələrindən biridir. Ölkəmizdə biomüxtəlifliyin qorunması, ümumilikdə isə ekologiyanın mühafizəsi ötən əsrin 70-ci illərindən intensiv xarakter alıb. Azərbaycanda ekoloji problemlərin həllini hər zaman diqqət mərkəzində saxlayan, təbiətə böyük sevgi və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev deyirdi: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”.Şagirdlər çıxışlarında bildirdilər ki, 2000-ci il may ayının 22-də BMT Assambleyası bu günü “Bioloji Müxtəliflik Günü” elan etmişdir. Azərbaycan da biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur. Zəngin təbii sərvətləri, əlverişli əqlimi, müxtəlif geoloji quruluşu Kiçik Qafqaza insanların diqqətini cəlb etmişdir. Bu dağlar bədnam erməni qonşularımız tərəfindən işğal edilmiş, Araz çayı sahillərindən Dəlidağa qədər erməni tapdağı altına düşmüşdür. Ölkəmizə yağı düşmən tərəfindən vurulmuş ziyan iqtisadiyyatla yanaşı, onun canlı təbiətini də məhv edir, bioloji müxtəlifliyin tarazlığının pozulmasına gətirib çıxarır. Biomüxtəlifliyin qorunması irqindən, dinindən asılı olmayaraq, hər birimizin borcudur.Tədbirdə iştirak edən şagirdlər ölkəmizdəki qoruqlar haqqında məlumat verərək Azərbaycanın təbii mövqeyi, coğrafiyası, mühafizə olunan əraziləri (qoruqlar, yasaqlıqlar), bitki və heyvanat aləmi, su bioresursları, Qırmızı kitaba salınmış bitki və heyvanlar haqqında hazırladıqları araşdırmalarını təqdim etdilər. Sonra Azərbaycanda işğal altında olan ərazilərin biomüxtəlifliyi barədə film-çarx nümayiş etdirildi. Bundan əlavə, Azərbaycanın biomüxtəlifliyini əks etdirən xəritə çəkib təqdim etdilər. Foyedə şagirdlərin hazırladıqları referatların sərgisi təşkil edildi.