“İslam ölkələrinin həmrəylik festivalı” -Sudan ölkəsi məktəbimizin təqdimatında

15 mart 2017-ci il tarixdə “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirildi.Festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya səfirləri, Misir, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Türkiyə diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri və sakinlər iştirak etdilər.Festival zamanı məktəbimiz Sudan ölkəsini təqdim edirdi. Sudan ölkəsi üçün ayrılmış çadırda məktəbimizin təqdimatında qonaqlara və sakinlərə Sudan ölkəsinin müxtəlif mədəni-tarixi nümunələri, milli geyimləri, turizm potensialı və zəngin mətbəx nümunələri təqdim edilirdi.Sudan ölkəsinin çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri, şagirdlərin ifasında Sudan milli rəqsi, ərəb dilində hazırlanmış ədəbi-bədii kompozisiya və təqdimatlar rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb oldu.Tarixi min illərlə ölçülən mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan Həmrəylik festivalı sakinlər tərəfindən böyük maraqla qarşılandı. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən Novruz festivalı şənliyin əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, təqdim olunan bayram əhval-ruhiyyəli təqdimatlar sakinlərdə xoş ovqat yaratdı. Bayram tədbiri İslam ölkələrinin adları əks olunmuş şarlar havaya uçurularaq atəşfəşanlıqla yekunlaşdı.