Yanar dağ” qoruğuna ekskursiya- EKO AYLIQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində ekoloji mədəniyyət və incəsənətin təbliği məqsədilə 25 fevral 2017-ci il tarixdə şagirdlərimizin "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı məktəbin tarix müəllimi Minaya Nəzərovanın rəhbərliyi ilə şagirdlərimiz möcüzəvi Yanardağla yaxından tanış olmuşlar. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə, vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görünməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-- gündüz yanan torpaqların, hətta yanan suyun olması ilə bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır. Bundan başqa, buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar”, Əl-Farisi Əl-İstəxrinin “Kitab əl-masalik vəl-mamalik” (“Yollar və məmləkətlər haqqında kitab”), Əl-Müqəddəsinin “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” (“İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü”) və sair müəlliflərin əsərlərində təsаdüf оlunmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanar dağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq ve qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir. Odur ki, yaşı bilinməyən möcüzəvi “Yanar dağ” qoruğunu gəzmək şagirdlər üçün çox maraqlı və yaddaqalan oldu.Qoruğun əməkdaşları tərəfindən onlara qoruq haqqında geniş məlumat verilmiş, qədim dövrlərə aid daşdan düzəldilmiş su süzgəci, qavaldaşı, qədim əmək alətləri, məişət əşyaları nümayiş etdirilmişdir.