“Balaca Səyyahlarıq” - EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin fevral ayında “Ekoloji mədəniyyət və incəsənət"," Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. Bunlardan biri məktəbin ibtidai sinif müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə Azərbaycanın tarixi yerlərinə həsr edilmiş “Balaca Səyyahlarıq” adlı bədii kompozisiyanı nümunə göstərmək olar. Şagirdlər Azərbaycanın tarixi yerlərinə aid topladıqları məlumatları təqdim edərək söylədilər ki, tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Onlar tarixi yerlər barədə həm slayd, həm də əyani olaraq hazırladıqları tarixi yerlər əks olunan xəritə-maketi nümayiş etdirdilər. Müxtəlif bölgələrə aid keçmiş əmək alətləri, geyim nümunələri, adi plastilindən, rəngli kağızlardan, parça və muncuqlardan hazırladıqları əl işlərini təqdim etdirdilər. Tədbirdə iştirak edən məktəbin direktoru H.Mahmudova bildirdi ki, keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılmasını hər zaman tövsiyə etmişdir. Sonda şagirdlərin əl işləri məktəbin foyesində sərgiləndi.