“Məktəb hesabatları”nın dinlənilməsi başa çatıb
2020-2021-ci tədris ili üzrə “Məktəb hesabatları”nın dinlənilməsinin sonuncu sessiyaları Binəqədi və Xətai rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.
Paytaxtdakı 283 və 171 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban xanım Vəliyeva “Məktəb hesabatları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacib olduğunu söyləyib.
Mehriban xanım Vəliyeva ümumi təhsil müəssisələrinin idarə edilməsi işinin təkmilləşdirilməsi, məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, layihələrin icrası, davamiyyətin tənzimlənməsi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib.O, həmçinin “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” təhsil nazirinin əmrində müəyyən edilmiş prioritet istiqamətlər üzrə görülən işlərdən, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən, təhsil sahəsində aparılan islahatlardan, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Müzakirələrdə ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılmasının üsul və formaları, təminat-təchizat, məktəblərdə valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda fikirlər dinlənilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.
“Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Həmçinin sağlam rəqabətin yaradılması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi məsələlərinin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.