Dilimiz Milli Varlığımızdır.
Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir.
Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meylli olan insanlar ana dilində danışmağı özlərinə ar bilirdilər. Hətta elə bir dövr yaranmışdı ki, Azərbaycanın rəsmi dairələrində, dövlət idarələrində özgə dildə danışmağa üstünlük verilirdi. Quruluşun sərt rejimi bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaratmışdı. Bütün ziddiyyətli dövrlərdə Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.
Təbii ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir. Unutmaq olmaz ki, ana dilimiz çox zəngindir, hər sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə də nitqdə məntiqli olmaq, sözü düzgün və yerində ifadə etmək lazımdır.
Dünyaya göz açanda laylanı hansı dildə eşidibsənsə, orta məktəbdə hansı dilin qrammatikasını öyrənibsənsə, elə o dildə də yazmalısan, danışmalısan. Ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hamının borcudur!