Şair Şəmsi Qoca ilə görüş
Bu günlərdə 144 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli, 1279 nömrəli “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinin icrası istiqamətində tədbir keçirilmişdir. Gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə onlara nəinki klassik yazarlar, eyni zamanda müasir Azərbaycan yazarları barədə məlumat verilir.Müəllim və şagirdlərin dəvətini qəbul edərək onların görüşünə gələn şair-publisist Şəmsi Qoca ilə təşkil edilmiş görüş çox maraqlı və yaddaqalan oldu. Məktəbin direktoru Həcər Mahmudova tədbiri giriş sözü ilə açaraq yazarın həyat və fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra söz qonağa vermişdir. Şair Şəmsi Qoca bir-birindən maraqlı şeir nümunələri təqdim etmiş, mütaliənin onun həyatında oynadığı roldan ətraflı söhbət açmışdır. Görüşdə şairin əsərinin qəhrəmanı, məktəbin şagirdləri və müəllimləri iştirak edirdilər. Şairin özünün ifasında səslənən şerlər dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. Şagirdlər görüşdə fəal iştirak edərək müxtəlif suallar verir, həmçinin şairin şerlərinə öz münasibətlərini bildirirdilər. Görüşün sonunda Şair öz kitablarından neçəsini məktəb kitabxanasına hədiyyə etdi.