“Müstəqilliyimiz əbədidir” adlı bilik yarışı

28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə 135 nömrəli tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” adlı bilik yarışı təşkil olunub. Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın müstəqillik tarixi, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və o dövrün görkəmli şəxsiyyətləri haqqında məlumat vermək, vətənpərvərlik ruhunu aşılamaq və şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq olub. Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Qurbanova Şəfa xanım tədbirin əhəmiyyəti barədə çıxış edərək, müstəqilliyimizin əbədiliyi və şagirdlərə bu tarixin aşılanmasının önəmini vurğulayıb. Yarış zamanı 5-6-cı sinif şagirdləri ümumi fənn bilikləri və dünyagörüşü sualları ilə öz bacarıq və biliklərini nümayiş etdiriblər. Təlim-tərbiyə işləri üzrə direktor müavini Xanım Mollayeva çıxış edərək bu kimi tədbirlərin şagirdlərin vətənpərvər ruhda yetişməsində mühüm rol oynadığını qeyd edib. Fasilə zamanı məktəbin musiqi müəllimi Novruzova Sevil müəllimin rəhbərliyi ilə xor dərnəyinin ifası tədbirə xüsusi rəng qatıb. Tədbirin təşkilində və keçirilməsində məktəbin müəllim heyətindən Abbaszadə Sevinc, Rəsulova Səyyadxanım, Azadəliyeva İradə, Məhərrəmova Gülnar, Tarverdiyeva Sevinc, Məmmədova Züleyxa və Əhmədli Xeyransa müəllim fəal iştirak ediblər. Bu kimi tədbirlər şagirdlərin həm biliklərinin artırılmasına, həm də vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.