"İncə Səhər" proqramında məktəbin müəllimləri və şagirdi qonaq kimi iştirak ediblər

8 may 2025 - ci il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəb üçün əlamətdar hadisə hamımızı qürurlandıraraq sevindirmişdir. Xəzər TV - də yayımlanan maraqlı proqramlardan biri olan "İncə Səhər"də məktəbimizin direktoru Əliyeva Zeynəb, "Tərəqqi" medallı tarix müəllimi Rəhimova Elmira, X A sinif şagirdi İslamzadə Riyad qonaq olmuşdur. Bu verlişdə fəxri qonaq kimi iştirak etmənin səbəbi şagirdimiz İslamzadə Riyadın Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi - praktik konfransda mövzu ilə bağlı hazırladığı referatı uğurlu təqdim etməsi nəticəsində qazandığı qələbə ilə əlaqədar olmuşdur. Ulu öndər Heydər Əliyevin, eləcə də layiqli davamçısı Ali Baş Komandan Prezident İlham Əliyevin tarixə, milli - mənəvi dəyərlərə münasibəti, qayğısı, diqqəti bugünkü gənclərə örnəkdir. Bu məqsədlə keçirilən konfrans istedadlı, vətənpərvər gənclərin üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edir.
Məktəbin direktoru Əliyeva Zeynəbin hərtərəfli, əhatəli, maarifləndirici çıxışı sadə bir qəsəbə məktəbindəki uğurların bir - birini əvəz etməsinin səbəbini düzgün qurulan işgüzar, səmimi, şagirdyönlü əməkdaşlığın nəticəsi, təntənəsi olmasından xəbər verir. Şagirdlərimizin hər bir uğuru dövlətçiliyimizin banisi Heydər Əliyev yolundan, İlham Əliyev fəaliyyətindən qaynaqlanır, ilhamlanır. Verilişin aparıcısı istedadlı jurnalist Əlizadə Vüsalə də bu məktəbin yetirməsidir. Onun vətənpərvərliyi, fəaliyyətində bunu sərgiləməsində tarix müəllimi Rəhimova Elmiranın rolu danılmazdır. Elmira müəllimin və şagirdi İslamzadə Riyadın çıxışları bunu deməyə əsas verir ki, estafet əmin əllərdədir. Vətənə, onu inkişaf etdirəcək təhsilə önəm verən rəhbərlə - Zeynəb Əliyeva ilə bu məktəb hələ çox uğurlara imza atacaq. Uğurların bol olsun, doğma məktəb - 125!