“Məktəblinin yay mütaliəsi” adlı layihəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın təhsil müəssisələrinin iştirakı ilə “Məktəblinin yay mütaliəsi” adlı layihəyə start verilib. Layihənin əsas məqsədi şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili, mütaliəyə maraqlarının artırılması, kitab mübadiləsi mədəniyyətinin genişləndirilməsi, oxu bacarıqlarının inkişaf etdirilməsi və nitq vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir. Bu məqsədlə məktəbin şagirdləri ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə "Biz kitabları sevirik" adlı oxu günü keçiriblər. Tədbirdə məktəbin direktoru Əliyeva Zeynəb çıxış edərək şagirdlərə yay tətilini daha səmərəli, daha maraqlı keçirmək üçün kitab oxumağı, mütaliə etməyi tövsiyə edib. Kitab oxumaq həyatı mənalı yaşamaq, keçmişini öyrənmək, gələcəyini anlamaq, məlumat toplamaq, zehnini qüvvətləndirmək, dilini qorumaq, dünyanı kəşf etmək, dünyagörüşünü artırmaq - bir sözlə, ən mükəmməl istirahət etməkdir. Şagirdlər oxuduqları əsərlər, müəlliflər: şair və yazıçılar haqqında məlumat verərək, mütaliə etməyi sevdiklərini söyləyərək kitab oxumağın əhəmiyyəti ilə bağlı təəssüratlarını paylaşıblar. Unutmayaq ki, kitab bilik mənbəyidir.