"Zəfər salnaməsinin şanlı 44 günü" adlı möhtəşəm tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 - ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 04 noyabr 2023 - cü il tarixində "7 - dən 17 - yə Vətənpərvər" layihəsi çərçivəsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və BŞTİ - nin 8 sentyabr 2021 - ci il tarixli F-191 nömrəli əmrinə əlavə “27 Sentyabr - Anım Günü və 8 Noyabr - Zəfər Günü" ilə bağlı Təbirlər Planını rəhbər tutaraq "8 Noyabr - Zəfər Günü" münasibətilə Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin akt zalında 6 Noyabr tarixində fəaliyyət planının 1.4.1.3 bəndini icra edərək "Zəfər günü" nə həsr olunmuş "Zəfər salnaməsinin şanlı 44 günü" adlı möhtəşəm tədbir keçirilib. Tədbirdə 44 günlük müharibədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Heybətov Ağa Əminin atası Heybətov Elçin, məktəbin məzun qaziləri: Taqarov Elvin, Heybətov İbad, Quliyev Arif, Abdullayev Əli, Musayev Eldar, Muradov Elvin iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında l - ll Qarabağ döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın, o cümlədən məktəbin şəhid məzunları Əliyev Əfqanın, Heybətov Ağa Əminin, Salamov Vüsalın, Əliyev İbrahimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əliyeva Zeynəb igid qəhrəmanlarımızı - qazilərimizi salamlayaraq şagirdlərimizə Vətən naminə göstərilən rəşadətdən, şücaətdən danışdı və şəhidlərimizə, qazilərimizə minnətdarlıq bildirərək təşəkkür edib. Bu il Xankəndində keçiriləcək Zəfər Paradının möhtəşəmliyini, təntənəsini fərəh hissi ilə qeyd edərək bu şanlı tarixə görə hamını ürəkdən təbrik etdi. Tədbir təşkilatçı Səlimova Mehribanın rəhbərliyi, X C sinif şagirdlərinin iştirakı ilə təşkil olunaraq bu günə həsr olunmuş şeirlər, mahnılar, rəqslərlə - xoş təəssüratlarla yaddaqalan oldu. Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etmədi. Bunu canlarından və hüquqlarından keçmiş Vətən oğullarının, daima qəlbi ordumuzun yanında döyünən, xalqa böyük dayaq olan Ali Baş Komandan İlham Əliyevin sayəsində əldə etdi. Xalq və hakimiyyət həmrəyliyi hamıya nümayiş etdirildi. Bundan sonra bütün dünya bilsin və eşitsin ki, bütöv torpaq bütöv candır, bu can Azərbaycandır! Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır!