Şəhid Heybətov Ağa Əminin anım günü qeyd olunub

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qəhrəmanımız Əfqan Əliyev adına 125 nömrəli tam məktəbin şəhid məzunu Ağa Əmi Heybətov 2015 - 2016 - cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016 - cı ilin 2 - 5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan Ağa Əmi Heybətov 2020 - ci il sentyabrın 27 - də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Ağa Əmi Heybətov oktyabrın 16 - da Goranboy rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. 25 oktyabr 2020 - ci il tarixində Buzovna Şəhidlər xiyabanında dəfn olunub.
Səhər xəttində məktəbin direktoru Əliyeva Zeynəb Azərbaycan torpaqlarının azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhid məzunlarımızı, o cümlədən, Heybətov Ağa Əminin ruhunu bir dəqiqəlik sükutla yad edib. Şəhidin adını daşıyan III A sinif şagirdləri, məktəbin direktoru Əliyeva Zeynəb, ibtidai sinif müəllimi Axundova Kəmalə müəllimin rəhbərliyi ilə şəhidin yaşadığı evi ziyarət olunub. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Allah şəhidlərimizə rəhmət eləsin.