Aprel döyüşləri bizim tarixi qələbəmizdir
3 aprel 2019-cu il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 2016-cı ildə baş vermiş Aprel Döyüşləri yada Dörd günlük müharibə kimi Azərbaycan Respublikasının tarixində yer alan şanlı zəfər haqqında tədbir keçirildi. Tədbirdə vətən uğrunda qəhrəmancasına şəhid olmuş əsgərlər bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə yuxarı sinif şagirdləri və məktəb rəhbərliyi iştirak etdi. Məktəbin hərbi rəhbəri Hüseynov Firdovsi çıxış edərək Azərbaycan Respublikasının şanlı zəfərlərindən danışdı. O, vətənpərvərlik hislərinin formalaşmasında gənclərin çağrışaqədərki hazırlıq dərsinin və məktəb tədbirlərinin əhəmiyyəti barədə söz açdı.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişə baş verdi. Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcədə Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi ələ keçiriblər. 2016-cı ilin Noyabr ayında Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə deyirdi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur. Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır.”