Şəhidlər Unudulmur
Cəbrayılov Dərdayıl Süleyman oğlu 27 iyun 1960-cı ildə Bakı şəhəri, Türkan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur.
O, 1967- ci ildə 119 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunmuşdur. Dərdayıl həmin məktəbi 1977-ci ildə bitirdikdən sonra, hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti vətəndən uzaqlarda, Almaniyada keçirmişdir. Əsgəri xidməti başa vurduqdan sonra əmək fəaliyyətinə əvvəl “Kommunist”, sonra da “Qızıl Şərq” mətbəəsində davam etdirmişdir. İşləməklə yanaşı Azərbaycan Yüngül Sənaye Texnikumunun çapçılıq fakultəsində təhsil almışdır.
Qarabağda baş verən döyüşlərlə əlaqədar olaraq könüllü cəbhəyə getmiş, Ağdərə Polis İdarəsində polis starşinası kimi işə qəbul olunmuşdur. “Boz qurd” dəstəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə vətəni cəsarətlə yağılardan qorumuşdur.
D.Cəbrayılov 1992-ci il dekabrın 5-də Koçaqot yüksəkliyi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
Onun vəziyyəti ağır olduğu üçün təcili Bakıya gətirilmişdir. Dekabrın 15-nə kimi Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsində qalmışdır. Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, döyüşçü dünyasını dekabrın 15-də dəyişmişdir.
Döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra ona “Boz qurd” adı verilmişdir.
2 övlad atası idi -1 qız, 1 oğlan.
Türkan qəsəbəsində yerləşən 119 nömrəli tam orta məktəb qəhrəmanın adını daşıyır.