Bahar gəldi yaz gəldi
18 mart 2019-cu il tarixdə Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Bahar gəldi yaz gəldi” adlı bayram şənliyi keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Mətanət Mayılova milli bayramımız olan Novruzun minilliklərin sınağından keçərək bu gün əsl birlik bayramına çevrildiyini və ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd edildiyini bildirdi və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Şagirdlərin hazırladığı Novruz bayramının atributları olan səmənilər, xonçalar tədbirə xüsusi rəng qatdı. Təqdim olunan bir – birindən maraqlı xalq mahnıları və rəqslər tədbir iştirakçılarına əsl bayram sevinci bəxş etdi .
Milli geyimdə olan qızlar haxşıta söyləyib, qədim adət - ənənələrimizi əks etdirən səhnəciklər göstərdilər. Daha sonra Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl səhnəyə gələrək öz məzəli oyunlarını nümayiş etdirib, məktəb rəhbərliyi ilə yumurta da döyüşdürdülər. Kosa ilə Keçəlin duzlu - məzəli çıxışları tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb tədbirə xoş abu - hava bəxş etdi. Tədbir şagirdlərin “Yallı” rəqsini ifa etməsi ilə yekunlaşdı.