100 il-Azərbaycan Xalq Cümhuriyyəti
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15271502105b0676822ba0d0.08162556.jpg)
21.05.2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəbimizdə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə məruzə ilə çıxış edən tarix müəllimi Xatirə Şükürova 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirdi. Onu da qeyd etdi ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı, Ana-dili dövlət dili elan olundu.
1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olaraq qaldı. Ümummilli lider Heydər Əliyev 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühim addım atdı. Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri ümummilli lider Heydər Əliyevin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilərək, 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapmasına səbəb oldu.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair videoçarx nümayiş olundu. Tədbirin bədii hissəsində şagirdlər vətənə, bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda məktəbin direktoru Əminə Hüseynova çıxış etdi. O, bildirdi ki, müstəqilliyimiz dönməzdir, əbədidir. Biz fəxr edirik ki, Azərbaycanlıyıq və bizim müstəqil dövlətimiz var. Biz dövlətimizi qorumağa həmişə hazırıq!
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar siniflər arasında rəsm, divar qəzeti, əl işi kompozisiya nominasiyaları üzrə sərgi müsabiqəsi keçirildi. Məktəbimizin şagirdləri “Azərbaycan tarixi” muzeyində ekskursiyada oldular.