Valideynin məktəbdə bir günü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66 №-li əmrinə əsasən 23.05.2019-cu il tarixdə məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihənin növbəti mərhələsi həyata keçirildi. Layihənin proqramına əsasən əvvəlcə dəvət olunmuş valideynlərin qeydiyyatı aparıldı. Sonra isə məktəbin akt zalında tədbirin rəsmi açılışı keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azər Həsənov açdı. A. Həsənov öz çıxışında layihənin keçirilməsinin əsas məqsədinin valideynlərlə müxtəlif foks qruplarda müzakirələrin aparılması, şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi və təlim-tədris mühitinin təkmilləşdirilməsi istiqamətində valideynlərin rəy, təklif və tövsiyələrinin əldə olunmasından ibarət olduğunu qeyd etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova öz çıxışında müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində böyük rol oynadığını vurğuladı, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışdı. Tədbirin rəsmi açılışından sonra valideynlər məktəb mühiti – məktəbin kitabxanası, muzey, laboratoriya otaqları, eləcə də şagirdlərin əl işlərindən ibarət sərgi ilə yaxından tanış oldular. Tədbirin proqramına uyğun olaraq siniflərdə ayrı-ayrı fənlər üzrə valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri aparıldı. Dərs müşahidələrindən sonra valideynlər onlar üçün təşkil olunan seminarlarda iştirak etdilər. Valideyn komitə sədrləri üçün seminara məktəbin direktoru A.Həsənov və təlim-tərbiyə işləri üzrə direktor müavini M. Osmanova, ibtidai siniflər üzrə valideynlər üçün seminara məktəbin psixoloqu Lalə Bayramova və ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Natavan Cəlilova, V – XI siniflər üzrə valideynlər üçün seminara isə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Rəhimova, ingilis dili müəllimi Leyla Əliyeva, fizika müəllimi Aysel Abbasova rəhbərlik etdi. Seminarlarda valideynlərin məktəb mühitinə müsbət təsir göstərə biləcək rəy və təklifləri dinlənildi, müəllim–şagird–valideyn birliyinin əhəmiyyəti haqqında səmərəli fikir mübadiləsi aparıldı. “Valideynin məktəbdə bir günü” layihəsi məktəbin akt zalında vətənpərvərlik mövzusuna həsr edilmiş bədii hissə ilə yekunlaşdı. Şagirdlərin ifasında milli vətənpərvərlik ruhunda şeirlər, mahnılar, rəqslər və səhnəciklərdən ibarət ədəbi–bədii kompazisiya nümayiş olundu.