Valideynin məktəbdə bir günü
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66 №-li əmrinə əsasən 21.02.2019-cu il tarixdə məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Layihəyə uyğun olaraq təqdim olunmuş proqram əsasında saat 08:45-dən məktəbə dəvət olunan valideynlərin qeydiyyatı aparıldı. Saat 09:00-dan 09:30-dək məktəbin akt zalında tədbirin rəsmi açılışı keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər Həsənov layihənin keçirilməsinin əsas məqsədi barəsində məlumat verdi. Bu layihənin məqsədinin valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması olduğunu qeyd etdi. Tədbirin açılışından sonra valideynlər məktəb kitabxanası, məktəbdə yaradılmış muzey, laboratoriya otaqları, məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi ilə yaxından tanış oldular. Tədbirin proqramına uyğun olaraq valideynlər 17 sinifdə müxtəlif fənlər üzrə dərs məşğələlərində iştirak edərək tədris prosesini izlədilər. Saat 11:00-dan 12:00-dək valideynlər onlar üçün təşkil olunan seminarlarda iştirak etdilər. Sinif valideyn komitəsinin sədrlərinin seminarına məktəbin direktoru Azər Həsənov və təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova , ibtidai siniflər üzrə valideynlərin seminarına məktəb psixoloqu Lalə Bayramova və ibtidai siniflər üzrə metodbirləşmə sədri Natavan Cəlilova, V-XI siniflər üzrə valideynlərin seminarına isə məktəbin biologiya müəllimi Rövşanə Həsənəliyeva və fiziki tərbiyə müəllimi Xaqani Mirzəyev rəhbərlik etdi. Seminarlar “Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusuna həsr edildi. Mövzu ətrafında valideynlərlə anket-sorğu aparıldı. Onların mövzu ilə bağlı fikirləri, rəy və təklifləri dinlənildi. “Valideynin məktəbdə bir günü” layihəsi “21 Fevral Beynəlxalq Ana Dili Günü”nə təsadüf etdiyinə görə valideynlər bədii hissədə nəzərdə tutulmuş tədbirdə şagirdlərin ifasında ana dilinə həsr olunmuş şeir və mahnıları dinlədilər, milli-mənəvi dəyərlərimizi əks etdirən səhnələrə tamaşa etdilər. Bütövlükdə tədbirin keçirilməsindən razı qalan valideynlər məktəbdən xoş təəssüratlarla ayrıldılar.