Mir Cəlal hekayələrində xoşbəxt həyat uğrunda mübarizə və qələbəyə inam
“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinin II bəndi”nə əsasən 19 aprel 2018-ci il tarixdə məktəbimizdə “Oxu günü” çərçivəsində “Mir Cəlal hekayələrində xoşbəxt həyat uğrunda mübarizə və qələbəyə inam” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini M.Osmanova şagirdlərin sağlam ruhda, hərtərəfli şəxsiyyət kimi formalaşmasında mütaliəyə diqqətin artırılmasının vacibliyini xüsusi qeyd etdi. Tədbirdə şagirdlər aprel ayında 110 illik yubileyi böyük təntənə ilə qeyd edilən, ədəbiyyatımızda qiymətli hekayə və romanlar müəllifi kimi tanınan Mir Cəlal Paşayevin yaradıcılığına müraciət etdilər. Görkəmli yazıçının çoxşaxəli fəaliyyəti barəsində məlumat verildi, videolentlər nümayiş olundu. Tədbirin əsas hissəsi isə yazıçının bir-birindən maraqlı hekayələrinin müzakirəsinə həsr edildi. Dəyirmi masa ətrafında əyləşən şagirdlər müzakirələr zamanı qeyd etdilər ki, müəllifin əsərlərində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir. XX əsrin 30-cu illərində ədəbiyyata “Mirzə”, “Həkim Cinayətov”, “Bostan oğrusu”, “Kağızlar aləmi”, “Anket Anketov” kimi dəyərli hekayələr gətirmiş Mir Cəlal özünəməxsus realist qələmlə savadsız mirzələri, başgirləyən müəllimləri, cinayətkar həkimləri, nəzakət pərdəsi altında gizlənən çirkin simaları rüsvay edib oxucuya tanıdırdı. Tədbirin sonunda bir daha vurğulandı ki, Mir Cəlal oxuculara zəngin irs qoyub getmiş şəxsiyyət kimi milli ədəbiyyatımız, elm və mədəniyyət tariximizdə daima yaşayacaqdır.