Xocalı harayı
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı məktəbimizdə silsilə tədbirlər davam edir. 23 fevral 2018-ci il tarixdə məktəbin akt zalında Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbirin əvvəlində 1992-ci ilin fevral gecəsində amansızlıqla qətlə yetirilmiş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərin çıxışları dinlənildi. Onlar misligörünməmiş faciə barəsində geniş məlumat verərək qeyd etdilər ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Rusiyaya məxsus olan ordunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Çıxışlarda dönə-dönə vurğulandı ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalı, onlar tarix məhkəməsi qarşısında cavab verməlidirlər. Şagirdlər faciənin ağrı-acılarını şeirlərlə, qəmli notlara köklənən musiqilərlə dilə gətirdilər, səhnəciklər ifa etdilər. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalıda törədilən vəhşiliklərlə bağlı lentə aldığı kadrlar nümayiş olundu.