Xocalıya gedən yol
Azərbaycan tarixinə ən ağır faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsi dəyirmi masa iştirakçıları tərəfindən anıldı. 22 fevral 2018-ci il tarixdə məktəbimizdə təşkil edilmiş “Xocalıya gedən yol” adlı tədbirdə tariximizin qanlı fevral gecəsi bir daha səhifələndi. Şagirdlər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş bu faciəni təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdilər. Qeyd etdilər ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Şagirdlər dönə-dönə vurğuladılar ki, erməni quldurları tərəfindən qəddarcasına öldürülmüş həmvətənlərimizin xatirəsini uca tutacaq, bu vəhşiliyi heç zaman bağışlamayacaqlar. Tədbirdə Xocalı faciəsini əks etdirən ürəkdağlayan görüntülər nümayiş olundu. Şagirdlər böyük hüzn və kədərlə ifa etdikləri şeirlərlə faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildirdilər.