Erkən nikah
Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nigaha daxil olmasıdır. Bu həm də ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Erkən nikahlar bir sıra səbəbdən baş verir ki, bu da bəzən ağır nəticələrlə nəhayətlənir. Bunlara boşanma hallarının artması, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləliyin baş verməsi, doğuş və ölüm riski, ana və uşaq ölümlərinin sayı artması; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlərin yaşanmasını nümunə gətirə bilərik. Bundan başqa, erkən nikah cəmiyyət üçün də mənfi fəsadlarla nəticələnə bilir. Təhsilsiz və nikahsız gənc ana cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olur. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Qızlar yetkin yaşında daha ailəcanlı olur, ailənin və uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır. Erkən nikahın qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır.