"Məktəbli EKOkönüllü" layihəsi keçirilib
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “Məktəbli EKOkönüllü” layihəsinin təqdimatı keçirilib. Tədbiri açan layihə rəhbəri Nofəl Şirinov bildirib ki, qlobal xarakter alan ekoloji problemlər hazırda planetimizin hər bir sakinini və gələcək nəsilləri təhdid edir. Ətraf mühiti görünüşünü dəyişən, biomüxtəlifliyin növ zənginliyini azaldan, atmosfer havasını, torpağı və suyu çirkləndirən təbiətə atılan tullantılardır. Məişətdə əmələ gələn tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun olması, düzgün idarə edilməsi ekoloji vəziyyətin yaxşılaşmasına, insan sağlamlığına təsir göstərən əsas amillərdən biridir. Bu məqsədlə ölkəmizdə məktəblilər arasında “EKOkönüllü” şagirdlərin yetişdirilməsi və bu fəaliyyətin bütün ölkəyə yayılması zəruridir.
Məktəbimizdən koordinator - Həsənəliyeva Rövşanə
Şagirdlər - İmanlı Aylin, Məhəmmədli Vəfa, Məmmədova Fidan, Əmirli Günay, Məmmədova Zeynəb də bu layihəyə cəlb olunublar.
Daha sonra çıxış edən “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov qeyd edib ki, Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tullantıların idarə edilməsi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi qalibi olan “Məktəbli EKOkönüllü”lərə uğurlar arzulayıblar. Daha sonra, orta məktəblərə yerləşdiriləcək çeşidləmə qutularından istifadə qaydaları izah edilib və “Məktəbli EKOkönüllü”lərə tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.