20 Yanvar – Xalqımızın qəhrəmanlıq səhifəsi
19.01.2022-ci il tarixdə məktəbimizdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Məktəbin akt zalında təşkil edilən tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova başda olmaqla sinif rəhbərləri və fənn müəllimləri iştirak etdilər. Çıxış edənlər 1990-cı ilin qanlı şənbə gecəsində paytaxtımız Bakı şəhərində törədilən amansız qətliam barəsində ətraflı məruzə etdilər. Məruzəçilər xüsusi olaraq qeyd etdilər ki, 20 Yanvar günü xalqımızın tarixində təkcə faciə yox, həm də milli birliyimizin təcəssümü, ölümdən qorxmayan millətin bütün dünyaya haqq səsi idi.
Tədbirdə yanvar gecəsinin dəhşətlərini əks etdirən videoçarxlar nümayiş olundu. Şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Qürur, şərəf dolu çıxışlar bir daha sübut etdi ki, illər keçsə də, azadlıq mücahidlərinin xatirəsi heç zaman yaddaşlardan silinməyəcək.