Ana dilim milli varlığımızdır
Məktəbimizdə V-XI sinif şagirdləri arasında ana dilinə həsr olunmuş ” Ana dili milli varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlər öz yazılarında qeyd etdilər ki, Azərbaycan dili qədim tarixə malik olan, min illərin burulğanından üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri - adi gözəlliyə malik bir dildir. Ana dilimiz dövlət rəmzlərimiz kimi müqəddəsdir. Tarix boyu xalqımız bütün istilalara, təzyiqlərə baxmayaraq , ruhunun təzahürü olan bu müqəddəs sərvəti qoruyub yaşadaraq mükəmməl dil səviyyəsinə qaldırmışdır. Laylalı – bayatılı ana dilimiz milli sərvətimiz, mənəvi diriliyimiz, şanlı keçmişimiz, bugünümüz və uğurlu gələcəyimizdir. Ana dilinin saflığı uğrunda mübarizə aparan şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək “Bu dil əcdadımızın bizə miras qoyduğu qiymətli xəzinədir”. Esse yazıları mükəmməlliyi və dolğunluğu ilə seçilən şagirdlər müsabiqədə fərqləndirildilər.