Milli-mənəvi dəyərləri təbliğ edən əsərlərin müzakirəsi
17.02.2020-ci il tarixdə məktəb kitabxanasında “Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri təbliğ edən əsərlərin mütaliəsi və müzakirələrinin təşkili” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa iştirakçıları olan VIIIa sinif şagirdləri görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına müraciət etdilər. VIIIa sinfinin sinif rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülmira Məmmədova çıxış edərək Ə.Haqverdiyevin yaradıcılığına müraciət edilməsinin təsadüfi olmadığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il Ə.Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin ölkəmizdə təntənə ilə qeyd edilməsi haqqında fərman imzaladığını iştirakçıların diqqətinə çatdırdı. Şagirdlər görkəmli yazıçı və dramaturqun həyat və yaradıcılığı barəsində ətraflı məlumat verdilər. Ədibin bədii nəsr yaradıcılığında daha çox diqqəti cəlb edən “Mirzə Səfər” hekayəsini müzakirə etdilər. İştirakçılar əsərin mövzu və ideyasına münasibət bildirərək hekayənin böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu və oxucuya mərdlik, vicdani saflıq, dostluqda sədaqət kimi insani keyfiyyətlər aşıladığını vurğuladılar. Məhz bu səbəbdən əsərin bu gün də oxucular tərəfindən böyük maraqla qarşılandığını və sevilərək oxunduğunu bildirdilər.