Valideynin məktəbdə bir günü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.11.2019-cu il tarixli F-448 nömrəli əmrinə əsasən 20 dekabr 2019-cu il tarixdə məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi. Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocağı ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarət idi. Əvvəlcə layihənin planına əsasən məktəbin direktoru Azər Həsənov və təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanovanın rəhbərliyi ilə məktəbin akt zalında tədbirin rəsmi açılışı keçirildi. Açılışdan sonra valdeynlərin məktəblə əyani tanışlığı oldu. Onlar məktəbin foyesində təşkil olunan şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər, məktəbdə fəaliyyət göstərən kitabxana, muzey və laboratoriya otaqları ilə yaxından tanış oldular. Sonra valideynlərin iştirakı ilə tədris prosesi izlənildi. Layihə çərçivəsində valideynlər onlar üçün təşkil olunan seminarlarda iştirak etdilər.
Tədbir layihənin planına uyğun olaraq bədii hissə ilə yekunlaşdı. Məktəbdə fəaliyyət göstərən “Şagird parlamenti”nin və “Kiçik Akademiya”nın üzvlərinin çıxışları, məktəbin dərs ili ərzində qazandığı uğurları əks etdirən video roliklər, şagirdlərin ifasında səslənən musiqi parçaları valideynlər tərəfindən maraqla qarşılandı. Bütövlükdə layihənin təşkil olunmasından razı qalan valideynlər məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.