Xocalı faciəsi xalqımızın qan yaddaşıdır
24.02.2018-ci il tarixində məktəbin Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqrımının 26-cı ildönümünə həsr edilmiş "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır ” mövzusunda tədbir keçirildi. Əvvəlcə Dövlət Himni səsləndirildi və faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra məktəbin xor dərnəyi qəhrəmanlıq motivləri əsasında bəstələnmiş mahnılar ifa etdilər. Şagirdlər “Ağla,kamanım,ağla”, “Xocalım,ay Xocalım”, “Xocalım mənim” şeir və bayatıları söylədilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının terrorçu qrupunun Xocalı şəhərində törətdiyi amansız faciədə şəhid olmuş, itkin düşmüş, zərərcəkmiş sakinlər haqqında faktlarla məlumat verildi. Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi V.Həsənova tərəfindən hazırlanan tədbirdə hadisələri əks etdirən səhnəciklər və video-çarxlar nümayiş etdirildi. Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olan Çingiz Mustafayevin əziz xatirəsi ehtiramla yad edildi. Onun Xocalıda çəkdiyi filmlə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı.
Tədbirin sonunda Y.Quliyev başda olmaqla məktəb rəhbərliyi 26 il bundan əvvəl Xocalıda törədilmiş faciədən bəhs etdilər. Məktəbimizin direktoru Y.Quliyev çıxış edərək, 26 fevralı xalqımızın hüzn və matəm günü olduğunu, xalqımızın qanlı tarixinə yazılmış belə ağrılı-acılı günü unutmağa haqqımız olmadığını vurğuladı. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova faciə haqqında tarixi faktlardan danışaraq qeyd etdi ki, Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfindən bəşəriyyətə və xalqımıza qarşı işlənmiş ən qatı cinayətdir, heç bir döyüşlərdə qadınlara,uşaqlara toxunulmadığı halda insanlıqdan uzaq olan ermənilər qız-gəlinlərimizə, körpə uşaqlara amansız işgəncələr veriblər.
Məktəbin tərbiyə işləri üzrə direktor müavinləri G.Səlimova, A.Sadıqova, tədbiri təşkil edən Azərbaycan dili və ədəbiyyat müəllimi V.Həsənova da xalqımıza qarşı törədilmiş bu qanlı hadisədən bəhs etdilər. Sonda “Əsgər marşı”səslənərək tədbir bağlı elan edildi.