“20 YANVAR - AZADLIĞIMIZIN BAŞLADIĞI YER” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
Yanvarın 18-də 90 nömrəli məktəbdə fəaliyyət göstərən ''Kiçik Akademiya''nın Tarix kafedrasının təşəbbüsü ilə “20 Yanvar - Azadlığımızın başladığı yer” mövzusunda elmi seminar keçirilib.
Konfransı giriş sözü ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan min illərlə böyük mübarizə yolu keçib, lakin bu şanlı mübarizədə neçə-neçə şəhidlərimiz olub. 20 Yanvar şəhidləri də onların arasında yer alır.
Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.Daha sonra seminara qonaq qismində qatılan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı mövzu ilə bağlı şagirdlər qarşısında geniş və maraqlı çıxış edib. O bildirdi ki,həmin dövrdə Ittifaq böhran keçirirdi, diqqəti başqa yerə yönəltmək üçün etnik münaqişələri alovlandırırdı.Qərbi azərbaycanlıların deportasiyası,Qarabağda baş verənlər sadəcə fikri yayındırmaq cəhdləri idi və azərbaycanlılar məsələni çox yaxşı anlayırdılar.Əslində Bakıda Moskva ilə Azərbaycan xalqının qarşıdurması yaşanırdı.
Daha sonra Azərbaycan Dillər Universitetinin tələbəsi, gənc könüllü Səma Vahabzadə,11-c sinif şagirfi Alıyev Kənan,11-a sinif şagirdi Əliyeva Nəzrin mövzu ilə çıxış ediblər. Seminar şagirdlərin tarixçi- alimlə maraqlı diskussiya və müzakirələri fonunda yekunlaşıb.