Şahinlərin növbəti qələbə sevinci

67 nömrəli tam orta məktəbin "Kəşfiyyatçılar" komandası Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən "Şahin" hərbi-idman oyununun Bakı şəhər zona birinciliyində iştirak edib. Komandamız l yerə layiq görülərək Respublika birinciliyinə vəsiqə qazanıb.
"Şahin" hərbi-idman oyununun Bakı şəhər zona birinciliyinin açılış mərasimində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən müharibəsi qəhrəmanı, polkovnik Anar Mirzəyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik sektorunun müdiri Elşən Hüseynov və digər rəsmi qonaqlar iştirak ediblər. Məktəbimiz və komandamızın üzvləri kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Sabunçu rayonunu qürurla təmsil edən 67-nin Şahinləri məktəb kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıb. Şagird, müəllim və valideynlərdən ibarət məktəb heyəti qələbə sevincini eşidən kimi əllərində bayraqla qalib ölkənin qalib vətəndaşı kimi rayonumuzun qələbəsini qeyd etmək üçün məktəbin həyətində toplanıblar.
Hərbi rəhbər, ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi veteranı və qazisi Muraz Sadıqov kubok və diplomu məktəbin direktoru İradə Bayramovaya təhvil verib və çıxış edərək sevincini dilə gətirib.
Direktor İradə Bayramova çıxış edərək qələbə münasibətilə komandanı, kollektivi və bütövlükdə Sabunçu rayonunu təbrik edib və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Komandanın yüksək səviyyədə hazırlanmasında hərbi rəhbər Muraz Sadıqovun rəhbərliyi ilə fiziki tərbiyə müəllimlərinin də böyük rolu olub.
Artıq ikinci dəfədir Sabunçu rayonunu uğurla təmsil edən "Kəşfiyyatçılar" komandası yarışın qaydalarında bu il edilən dəyişikliyə əsasən X-XI sinif şagirdlərindən ibarətdir.
Qalib komandamızı təbrik edir, onların qələbəsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edirik.
Növbəti mərhələdə komandamıza uğurlar diləyir və Respublika birinciliyində qalib olmağı arzulayırıq.