Ədəbiyyat fənnindən nümunəvi dərs

67 nömrəli tam orta məktəbin V "a" sinfində Ədəbiyyat fənnindən Aygün Məmmədovanın təqdimatında nümunəvi dərs keçirilib.
Dərsdə məktəbin direktoru İradə Bayramova, direktor müavini Ceyran Məmmədova, Azərbaycan dili müəllimi Natiqə Məmmədova iştirak ediblər.
Dərs Dövlət himnimizin sözlərinin müəllifi, həyatını xalqına, doğma yurduna fəda etmiş şairimiz Əhməd Cavadın "Azərbaycan, Azərbaycan" şeirinin məzmunu üzrə işə həsr olunub. Dərsin məqsədi şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırmaq, şeirdəki bədii təsvir vasitələrini müəyyənləşdirmək olub.
Qruplarda əyləşən şagirdlər müəllim tərəfindən təqdim olunan məzmun üzrə müvafiq tapşırıqları fəallıqla icra ediblər, ,təqdimatlarla çıxış edərək iş vərəqlərindəki sualları cavablandırıblar. Şagirdlər dərs prosesində fəal iştirak edərək qarşıya qoyulan təlim nəticəsinə çatıblar.
Aygün Məmmədovanın vətənpərvərlik ruhunda təşkil etdiyi dərs dinləyicilər tərəfindən yüksək dəyərləndirilib.
Dərs prosesində xalqımızın şanlı tarixi ilə bağlı kadrlar nümayiş etdirilib, qarşıdan gələn Zəfər Günü dərsin mövzusu ilə əlaqələndirilib.
Sonda müəllim və şagirdlər tərəfindən Nazilə Rahibqızının "Qələbə" mahnısı ifa olunub.