Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri təşkil edib.
Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirə 67 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Kamil İsmayılov, hərbi rəhbər, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov və onun rəhbərlik etdiyi "Kəşfiyyatçılar" komandasının üzvləri də qatılıblar.
Rəsmi hissə bitdikdən sonra “Şahinlər” hərbi-idman oyunlarında Sabunçu rayonu 67 nömrəli tam orta məktəbi təmsil edən “Kəşfiyyatçılar” komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib: silahın sökülüb-yığılması, darağın patronla doldurulub-boşaldılması, səhra çadırının qurulması, yaralının zəhərli ərazidən çıxarılması, ilk tibbi yardımın göstərilməsi və s.
Sonra isə uşaqlar komandalara bölünərək, özləri də bir neçə idman-estafet oyunlarında iştirak ediblər. Oyunlar bitdikdən sonra şəhid övladlarına Dövlət Xidməti tərəfindən hədiyyələr və fəxri fərmanlar, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hədiyyələr təqdim edilib.
Məktəbimizin müəllimləri Kamil İsmayılov və Muraz Sadıqov, həmçinin Kəşfiyyatçılar komandasının üzvləri Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun şəxsi imzası və təqdimatı ilə Təşəkkürnamə ilə təltif olunublar.
Tədbirin sonunda uşaqlar “Mənim atam qəhrəmandır” mahnısını oxuyublar və Dövlət Xidmətinin əməkdaşları ilə birgə zabit yeməkxanasında birgə nahar ediblər. Doğum günləri həmin günə təsadüf edən uşaqlarla birgə tortlar kəsilib.
Qeyd edək ki, şəhid övladlarının iştirak etdiyi bayram tədbiri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanovun və Sabunçu rayonu 67 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovun dəstəyi ilə keçirilib.
Başda Şəhidlərimizin yadigarları olmaqla, bütün uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara müharibəsiz, sülhün hökm sürdüyü dünya, suveren dövlət, xoşbəxt və sağlam həyat arzu edirik.