Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanın qüdrətlənməsinə, xalqın rifahına, tərəqqi və dirçəlişinə yönəlib, dahi lider bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət göstərib.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət kimi milyonlarla insanın qəlbində əbədi yaşadığı vurğulanıb. Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyi bildirilib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti özündən sonra uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğu şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirlərdə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar, filmlər nümayiş olunub. Həmçinin istedadlı uşaqlar rəsmlər, şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini ifadə ediblər.
Eləcə də təhsilalanların və təhsilverənlərin Heydər Əliyevin doğum günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.