"Şahin" hərbi-idman oyununda iştirak edən "Kəşfiyyatçılar" komandasının üzvlərinin valideynləri ilə iclas keçirilib
67 nömrəli tam orta məktəbdə "Şahin" hərbi-idman oyununda iştirak edən "Kəşfiyyatçılar" komandasının üzvlərinin valideynləri ilə iclas keçirilib. İclasda məktəbin direktoru, Əməkdar müəllim İradə Bayramova və hərbi rəhbər, Vətən müharibəsi veteranı və qazisi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov iştirak ediblər.
Öncə direktor İradə xanım bir neçə gün öncə qazandıqları qələbə münasibətilə "Kəşfiyyatçılar" komandasının üzvlərinin valideynlərini təbrik edib, belə vətənpərvər, nizam-intizamlı, fəal övladlar yetişdirdiklərinə görə onlara təşəkkürünü bildirib, şagirdlərə qarşıda duran "Şahin" hərbi-idman oyununun Respublika turunda uğurlar arzulayıb. O, qeyd edib ki, komandamızın həm məktəbin, həm Sabunçu rayonunun, həm də Bakı şəhərinin adını layiqincə təmsil edəcəklərinə ürəkdən inanır və onlara bu yolda dəstək olmağa hazırdır.
İclasda çıxış edən Muraz Sadıqov öz növbəsində valideynlərə təşəkkür edib, "Şahinlər" komandasının üzvlərinə uğurlar arzulayıb. O, qeyd edib ki, şagirdlərimizin bu dəfə də digər mərhələlərdə olduğu kimi uğur qazanacaqlarına inanır və bir daha "6, 7, 10 - 67 çempion" şüarını qalib komanda olaraq səsləndirəcəklərinə ümid edir.
İclasda iştirak edən valideynlər çıxış edərək məktəbdəki tədris prosesindən razı qaldıqlarını bildiriblər və qeyd ediblər ki, övladlarının belə vətənpərvər ruhda yetişdirilməsində məktəbin rolu əvəzsizdir.
Sonda valideynlər övladlarının "Şahin" hərbi-idman oyununun Respublika turunda iştirakına razılıqlarını bildiriblər. Onlar 2024-cü il Gənclər Paytaxtı elan olunan Lənkəran şəhərində keçiriləcək olan yarışın Respublika turunda övladlarının iştirakına razılıqları barədə ərizə yazaraq məktəb rəhbərliyinə təqdim ediblər.