Rekordu ilə gündəm olan şagirdimiz

 67 nömrəli tam orta məktəbin X "b" sinif şagirdi Ayan Həsənova bir neçə gün öncə imza atdığı rekordla gündəm olub. Ayan gözü bağlı şəkildə avtomatı 10 saniyəyə söküb, eyni sürətlə də yığmağı bacarıb. Belə fitri istedada malik olan şagirdimizi və ona istiqamət verən, məşq elətdirən, silahla tanış edən, ondan istifadə qaydalarını öyrədən müəllimini, məktəbin hərbi rəhbəri Muraz Sadıqovu daha yaxından tanımaq məqsədilə Xəzər TV əməkdaşları məktəbimizin qonağı olub. Onlar məktəbdə çəkiliş aparıblar. Həm 67-nin şahinləri ilə, həm də Ayan Həsənova və müəllimi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovla həmsöhbət olublar. Bugün isə Ayan və Muraz müəllim Space TV kanalının "Səhərin statusu" adlı verilişdə qonaq olublar, teleaparıcıların suallarını cavablandırıblar. Canlı yayımda Ayan yenidən gözü bağlı performansını təkrarlayıb, gələcəkdə hərbçi olmağı arzuladığını bildirib. Muraz müəllim isə öz növbəsində çıxış edərək hərbi dərslərinin vətənpərvər ruhda gənclərin yetişdirilməsində əvəzsiz rolu olduğunu bildirib. O həmçinin qarşıdan gələn Ramazan bayramı münasibətilə hər kəsi təbrik edib.

Qeyd edək ki, Ayan Həsənova bir neçə gün öncə "Şahin" hərbi-idman oyunlarında iştirak edərək göstərdiyi performansla gündəm olub.

"Şahin" hərbi-idman oyunları Elm və Təhsil Nazirinin, Gənclər və İdman Nazirinin, Müdafiə Nazirinin, Fövqəladə Hallar Nazirinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Rəisinin imzası ilə təsdiq olunmuş Əsasnamə üzrə 5 aprel 2024-cü il tarixində Sabunçu rayonu üzrə 47 tam orta məktəb arasında keçirilib. Yarışda 67 nömrəli tam orta məktəbi təmsil edən "Kəşfiyyatçılar" komandası bütün mərhələləri yüksək nəticə ilə keçərək qalib elan edilib. Komandanın kapitanı məhz Ayan Həsənova olub. Onların baş məşqçisi isə məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi, hərbi rəhbər, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov olub.

"Kəşfiyyatçılar" komandası Sabunçu rayonunu Bakı şəhəri üzrə zona birinciliyində təmsil edəcək.

Komandamıza uğurlar arzulayır, onların bu cür yüksək səviyyədə hazırlanmalarında əməyi olan müəllimlərinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi