Məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

1 mart 2024-cü il tarixində 67 nömrəli tam orta məktəbdə 1 Mart Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin planı məktəbin direktoru, məktəb üzrə Mülki Müdafiə rəhbəri İradə Bayramova tərəfindən təsdiq olunub, Sabunçu Rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Polkovnik Rauf Şıxəliyev tərəfindən razılaşdırılıb.
Mülki Müdafiə Qərargahının düzülüşü və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirə start verilib.
Daha sonra həyəcan siqnalı verilib və seçmə üsulu ilə siniflər təxliyə olunub. Yaralılar, xəsarət almış texniki heyət, müəllim və şagirdlərin düzgün təxliyəsi praktiki olaraq həyata keçirilib. Tədbirdə Kəşfiyyat, İctimai Asayişin Mühafizəsi, Xilasetmə, Sanitar və Yanğınsöndürmə manqalarının fəaliyyəti praktiki olaraq icra olunub.
Baş verə biləcək hər hansı bir fövqəladə hadisə zamanı özünümüdafiə və düzgün davranış qaydaları, yarana biləcək neqativ halların qarşısının alınması, ilkin tibbi yardım və s. praktiki olaraq nümayiş etdirilib.
Sonda direktor müavini, məktəb üzrə Mülki Müdafiə Qərargah rəisi Ceyran Məmmədova və Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Muraz Sadıqov çıxış edərək öz tövsiyələrini səsləndiriblər.
Tədbirin ərsəyə gəlməsində əməyi olanlara kollektivimiz adından təşəkkür edir, hər kəsi baş verə biləcək istənilən fövqəladə hadisə zamanı düzgün davranış qaydalarına əməl etməyə çağırırıq.