Məktəbdə "Hər uşaq bir dünyadır" adlı müsabiqə keçirilib

67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə VI sinif şagirdləri arasında "Hər uşaq bir dünyadır" adlı müsabiqə keçirilib. Müsabiqə müxtəlif formatlı maraqlı yarışların yer aldığı 3 mərhələdən ibarət olub.
Dahi siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin həyat bilgisi, biologiya və STEAM fənləri üzrə sualları əhatə edən yarışda ən yüksək nəticə toplayan "Mənəvi aləmim" komandası I yerə layiq görülərək qalib gəlib.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Hər uşaq bir dünyadır" adlı müsabiqənin yekununda I yerə layiq görülənlər diplom və hədiyyələrlə, II və III yerə layiq görülənlər yerlər üzrə diplomla, qalan iştirakçılar isə iştirakçı sertifikatı ilə təltif olunublar.
Mükafatlandırma mərasimində direktor müavini Ceyran Məmmədova iştirak edərək şagirdləri təbrik edib və onlara növbəti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda direktor müavini Gülnarə Bağırova yarışda iştirak edən şagirdləri təbrik edib və birlikdə xatirə şəkli çəkdirilib.
Belə maraqlı müsabiqənin təşkilinə görə biologiya müəllimi Məleykə Muradovaya təşəkkür edir, bütün qalibləri kollektivimiz adından təbrik edirik.
Hər uşaq bir dünyadır və bu dünyanı qorumaq hər kəsin insanlıq borcudur.
Bayramınız mübarək, əziz uşaqlar!