Məşhur idmançılar məktəbimizin qonağı olublar

 67 nömrəli tam orta məktəbdə idman həftəsi olduqca maraqlı və faydalı keçib. Məktəbdə şagird və müəllim kollektivinin iştirakı ilə həm əyləncəli, həm də maarifləndirici silsilə tədbirlər keçirilib. Bu tədbirlərdən ən unudulmazı məşhur idmançıların məktəbimizdə qonaq olmasıdır.

5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman həftəsi çərçivəsində keçirilən tədbirdə 67 nömrəli məktəbin qonaqları idman aləmində öz sözünü yetərincə demiş, ölkəmizi idman arenalarında uğurla təmsil edən idmançılar olub.

Maraqlı məqamlarla zəngin olan tədbirdə Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, Paralimpiya Oyunlarında Taekvondo idman növü üzrə 3 dəfə Avropa, 3 dəfə Dünya çempionu olan Aynur Məmmədova, Taekvondo üzrə Avropa çempionu olan Hüseyn Xudiyev və onların hər ikisinin məşqçisi, Beynəlxalq yarışlarda dəfələrlə qalib olan, əməkdar məşqçi Etibar İbrahimov, Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Sənan Süleymanov, Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Taleh Məmmədov,

Sambo güləş növü üzrə əməkdar məşqçi, Azərbaycan Respublikasının Sambo güləş növü üzrə kişilərdən ibarət yığma komandasının baş məşqçisi Yaqub Abdullayev, onun yetirmələri Sambo güləş növü üzrə idman ustası, Müstəqil Dövlətlər Birliyinin idman yarışının çempionu, qızıl medal mükafatçısı, Gənclər Arasında Avropa Çempionatının ikincisi, Kişilər Arasında Dünya çempionatının ikincisi Elvin Bağırov və Gənclər arasında dünya çempionu, qızıl medal mükafatçısı, Kişilər Arasında Dünya çempionatının üçüncüsü, dəfələrlə Avropa və dünya yarışlarının qalibi olan Eyvaz Baxşıyev, kingboksinq üzrə məşqçi, dünya və Avropa turnirlərinin dəfələrlə qalibi olan Cavid Tağıyev, onun yetirməsi Qaydasız döyüş üzrə (MMA) dünya çempionu, qızıl medal mükafatçısı, Avropa çempionu və 67 nömrəli tam orta məktəbin məzunu Elvin Qurbanov qonaq olublar.

Həmçinin məktəbin müxtəlif idman növləri ilə profesional məşğul olan şagirdləri və tamaşaçı qismində bir qrup şagird və müəllim heyəti tədbirdə iştirak ediblər.

Öncə məktəbimizin idmançı şagirdləri müxtəlif idman növləri üzrə öz istedadlarını nümayiş etdiriblər. Daha sonra dəyirmi masa ətrafında toplanaraq söhbət edilib, şagirdlərlə birlikdə fikir mübadiləsi aparılıb. Qonaqlar çıxış edərək müxtəlif yarışlar, idmanın insan sağlamlığına faydaları, idmana həvəsi olanların necə düzgün seçim etmələri və s. barədə fikir və təkliflərini səsləndiriblər, şagirdlərin suallarına ətraflı cavab veriblər. Həmçinin məktəbin direktoru İradə Bayramova çıxış edərək öz təəssüratlarını bölüşüb.

Daha sonra qonaqlar məktəbdə yerləşən maraqlı guşələrə, məktəb muzeyinə və idman həftəsinə həsr olunmuş sərgiyə baxıblar.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib.

Dəyərli idmançılarımızın məktəbimizdə qonaq olmaları bizim üçün olduqca qürurverici haldır. Tədbirin təşkilində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, qonaqlarımıza istər idman, istərsə də şəxsi həyatlarında uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi