Ölümü ilə ölümsüzlüyə qovuşan igid

  Bugün 67 nömrəli tam orta məktəbin məzunu, əslən Zəngilan rayonundan olan, Vətənin müdafiəsi uğrunda canından keçərək ölməzlik zirvəsinə ucalan şəhid Alışov Musa Tofiq oğlunun doğum günüdür. Bu münasibətlə məktəbdə şəhidimiz Musaya həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Həmçinin qonaqlar şəhid Musa haqqında xoş xatirələrini dilə gətirərək onun ruhuna dualar ediblər.

Tədbirdə məktəbin direktoru İradə Bayramova, şəhidimizin anası Ulduz xanım, yaxın qohumları, keçmiş sinif yoldaşları və onların valideynləri, Musaya dərs keçən müəllimlər iştirak ediblər.

Qeyd edək ki, Musa evin tək övladı olub. Anası Ulduz xanım onu təkbaşına böyüdüb. Ailəsindən və təhsil aldığı elm ocağındakı müəllimlərindən aldığı təlim və tərbiyənin nəticəsidir ki, Musa vətənpərvər ruhda böyüyüb və səngərdə canını düşmən qarşısında sipər edərkən bir an belə olsun tərəddüd etməyib.

11 fevral 2003-cü ildə dünyaya gələn Musa 13 sentyabr 2022-ci ildə Vətənə olan borcunu yerinə yetirərkən şəhid olub.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onları hörmət və ehtiramla yad edirik.

Cənnətdəki doğum günün mübarək, Musa!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi