"Qəhrəmanlar unudulmur" rubrikası davam edir

   Artıq uzun müddətdir 67 nömrəli tam orta məktəbdə vətənin müdafiəsi üçün canını qurban verən qəhrəmanlarımızı tanımaq və tanıtmaq məqsədilə "Qəhrəmanlar unudulmur" rubrikası həyata keçirilir.

22 aprel 2019-cu il tarixində məktəbin ibtidai sinif müəllimi Təranə Əlisoyun rəhbərlik etdiyi II "ə" sinfi adını şərəflə daşıdıqları Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum gününü qeyd ediblər. Tədbirdə qəhrəmanın bacısı Almaz Bağırova və qəhrəmanın oğlu Elşən Bağırov iştirak edib. İndi həmin sinif IV "ə" sinfi olub və artıq uzun müddətdir Allahverdi Bağırovun adını fəxrlə daşıyır, nümunəvi hərəkətləri ilə bu adı doğrultmağa çalışırlar. Sinifdə qəhrəmana həsr olunmuş böyük stend, onun şəkillərindən, həmçinin tədbirdəki şəkillərdən ibarət fotoalbom, qəhrəmanın idmanda əldə etdiyi nailiyyətlərə görə qazandığı tərifnamə və diplomlar, erməni əsirliyində olan soydaşlarımız və onların yaxınları tərəfindən qəhrəmana ünvanlanan, ondan yardım istənilən məktublar var. Həmçinin sinif Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şücayətindən, döyüş tarixçəsindən, igidliklərindən bəhs olunan kitab dərc etdirib.

Qəhrəmana həsr olunmuş kitab bu il işıq üzü görüb. Kitabın nəşri məlum pandemiya şəraiti və karantin dövrünə təsadüf etdiyi üçün genişmiqyaslı təqdimatı keçirilməsə də, sinfin müəllimi Təranə Əlisoy kitabın bir nüsxəsini məktəbə hədiyyə edib və məktəbin direktoru İradə Bayramova ilə birlikdə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Allahverdi Bağırov könüllülərdən ibarət botolyonun komandiri olub. Uğurlu döyüş əməliyyatlarına görə hələ 1992-ci ildə Məhəmmd Əsədov mükafatına layiq görülüb, bir neçə kəndin işğaldan azad olunmasında yaxından iştirak edib. Xocalı faciəsindən sonra isə 1000-dən çox Xocalı sakinini erməliərin əlindən xilas edib, onları əsirlikdən qurtarıb. Döyüş meydanından cəsədlərin yığılması, Ağdam məscidində yuyulub kəfənlənməsi, dəfni ilə bağlı lazımi işləri təşkil edib. Xocalı faciəsinin ilk video görüntülərinin çəkilməsi onun ermənilərlə apardığı danışıqlar sayəsində mümkün olub.

Allahverdi Bağırovdan yadigar üç övladı qalıb. İki qız və bir oğul övladı. O, həm gözəl ailə başçısı, qayğıkeş ata, həm də işinin ustası futbolçu, futbol məşqçisi olub.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi "Qızıl Ulduz" medalı ilə təltif olunub.

Allahverdi Bağırov 1992-ci ildə minaya düşərək şəhid olub. Qəhrəman Ağdamda dəfn olunub.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhlarının qələbə müjdəsi ilə şad olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi