Məktəb kollektivindən möhtəşəm təşəbbüs

   Əsgərlərimizə dəstək məqsədilə 67 nömrəli tam orta məktəbdə Valideyn Müəllim Assosasiyasının təşkilatçılığı ilə "Hər şey vətən üçün" adlı aksiyaya start verilib. Aksiyada könüllü olaraq məktəbin müəllim, valideyn və məzunları iştirak ediblər.

Hazırda ölkəmiz üçün tarixi bir dövr yaşanır. İgid əsgərlərimiz döyüş meydanlarında şücayət göstərərək Azərbaycanın zəfər tarixinin qızıl səhifələrini öz qanları ilə yazırlar.

Bugün bütün Azərbaycan xalqı və ürəyi Azərbaycanla döyünən, Azərbaycana dəstək olan hər kəs Ali Baş Komandanımızın ətrafında bir yumruq tək birləşməli, hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməlidir. Musiqiçi nəğməsi ilə, idmançı yarışlarda qazandığı uğurlarla, gənclər müxtəlif ixtisaslar üzrə əldə etdikləri nailiyyətlərlə, müəllim və şagirdlər təhsilləri ilə və s. Bir sözlə hər kəs bir vətəndaş kimi öz üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməli və arxa cəbhə olaraq ön cəbhədə vuruşan ordumuza mənəvi dəstək olmalıdır.

Bilirik ki, bugün dövlətimiz əsgərlərimizi yetəri qədər lazımi avadanlıqlarla, silah-sursat, geyim, qida və bütün təchizatlarla tam təmin edir. Lakin sıravi vətəndaşlar da orduya həm mənəvi, həm maddi dəstək olaraq onlara motivasiya vermək məqsədi ilə əllərindən gələni edir, həm əsgərlərə məktublar yazıb xoş diləklərini çatdırır, həm də könüllü olaraq əsgərlərə maddi dəstək göstərirlər.

Ölkəmizdə gedən müharibə şəraitini və döyüşdə olan əsgərlərimizin necə çətinliklərlə vətəni müdafiə etdiklərini hər birimiz bilirik. Evimizdə dinc oturub sadəcə kənardan bu hadisələri izləməyə vicdanımız əl vermir. Artıq havalar soyuyur və səngərdəki əsgərlərimiz daha soyuq şəraitdə döyüşürlər. Bütün bu çətinlikləri nəzərə alaraq kollektivimiz adından cəbhəyə isti geyim, quru qida və s. yardım göndərmək məqsədilə aksiya həyata keçirilir. "Hər şey vətən üçün" adlı aksiya davam edir və artıq 2 dəfə cəbhə bölgəsinə yardım göndərilib.

Bizimlə birlikdə bu aksiyada iştirak etmək istəyənlər məktəbin Valideyn Müəllim Assosasiyasına yaxınlaşıb ordumuza dəstək ola bilərlər.

Müharibənin tez bir zamanda Azərbaycan ordusunun qələbəsi ilə bitməsi diləyi ilə, aksiyamızın müharibə bitənə qədər davam edəcəyini nəzərinizə çatdırırıq.

Allah əsgərlərimizi qorusun. Amin!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Yaşasın Azərbaycan ordusu!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi