Qəhrəman məzunumuz

Şəhidin var, Azərbaycan!

Şəhidin var, Sabunçu!

Şəhidin var, 67 nömrəli məktəb!

67 nömrəli tam orta məktəbin 2011-ci il məzunu, leytenant Əliyev Əmirulla Vahid oğlu 29 sentyabr 2020-ci il tarixində Qarabağ uğrunda gedən döyüşlərdən birində, Tərtər ərazisində düşmən gülləsinə tuş gələrək Şəhid olub. Vətəni uğrunda canını fəda edən igid məzunumuzu ailə üzvləri, yaxınları, dostları, müəllimləri böyük izdihamla son mənzilə yola salıblar.

Əliyev Əmirulla Vahid oğlu, 7 oktyabr 1996-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin VIII sinfini bitirdikdən sonra 2011-ci ildə general Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuş, 2014-cü ildə oranı bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir.

Asudə vaxtlarında mütaliə ilə məşğul olmağı sevən Əmirulla, imkan tapdıqca özünəməxsus şeirlər yazmış, hətda şeirlərindən ibarət kitab da dərc etdirmişdir.

Kiçik yaşlarından hərbçi olmaq arzusu ilə böyüyən Əmirulla arzusuna çatmış və Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir.

Məktəbdə təhsil aldığı dövrdə istər davranışı, istər təhsili ilə həmyaşıdları arasında nümunəvi şagird olan Əmirulla, qəhrəmanlığı ilə həm də nümunəvi vətəndaş, nümunəvi hərbçi, nümunəvi insan olduğunu sübut etdi və son nəfəsinə qədər şücaətlə döyüşərək Şəhidlik zirvəsinə ucaldı.

Allahdan Şəhid Əmirulla Əliyevin ailə üzvlərinə, valideynlərinə səbr diləyir, dərin hüznlə başsağlığı veririk.

Məkanın Cənnət olsun, ey Vətən oğlu!

Ruhun qələbə sevinci ilə şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi