MƏKTƏBƏHAZIRLIQ QRUPLARI FƏALİYYƏTƏ BAŞLAYIB

Oktyabrın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib.Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması ,onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub.Təhsil nazirinin müvafiq əmrinə əsasən keçrilmiş təlimlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq","Savad təliminə hazırlıq və nitq inkişafı ","Bədii təfəkkürün inkişafı","Məntiqi və riyazi təfəkkürün inkişafı ","Təsviri fəaliyyət","Musiqi"və "Fiziki mədəniyyət"dərs məşğələləri tədris olunur.Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə,məğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur.Səkkiz ay davam edən məşğələlər mayın 31 -də başa çatacaq.Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanmalı və mayın 31-də başa çatmalıdır.Lakin 2017-ci ildə oktyabrın 1-i bazar gününə təsadüf etdiyindən məşğələr ayın 2-də başlayır.